ŞEYTANIN GÜCÜ ZƏİFDİR
Şeytan haqqında unudulmamalı olan mühüm həqiqət var. Şeytan Allahın nəzarətindən kənarda müstəqil güc deyil. Allah tərəfindən yaradılmışdır və Onun nəzarətindədir. Düşmənçiliyi insana qarşıdır. Şeytanın Allahın nəzarətindən kənarda müstəqil güc olduğunu düşünənlər var. Bu insanlar şeytanın Allaha qarşı mübarizəsi olduğunu zənn edirlər. Əslində isə şeytanın insanlara Allahın dinini yaşatmaq istəməməsinin səbəbi, bunun insanları məhv etmək üçün yeganə yol olduğunu bilməsidir. Nəticə etibarilə o da Allahın yaratdığı bir varlıqdır və fəaliyyətini onun izni ilə davam etdirir. Ona verilən müddət bitdikdə cəzasını çəkmək üçün azdırdığı insanlarla bərabər cəhənnəmə atılacaq:
“Mən mütləq cəhənnəmi səninlə və sənin ardınca gedənlərlə dolduracağam”. (Sad surəsi, 85)
Unudulmamalıdır ki, şeytanın möminlər üzərində gücü yoxdur. Şeytanın gücü yalnız Allahın təsbit etdiyi, daha doğrusu, cəhənnəm üçün yaratdığı insanlar üzərində təsirli olur. Şeytan Allahın mömin olaraq yaratdığı qulu azdıra bilməz. Sadəcə olaraq möminin dünya həyatında imtahan üçün bəzi kiçik xətalar etməsinə səbəb olur. Şeytanın azdırma təsiri yalnız qəlbində xəstəlik olan kimsələrə olur. Bu həqiqət Quranda belə bildirilir:
“Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanların üzərindədir!” (Nəhl surəsi, 99-100)
Başqa bir ayədə möminlərin şeytan tərəfindən azdırılmayacağı belə bildirilmişdir:
“Doğrusu, Mənim bəndələrim üzərində sənin heç bir hökmranlığın ola bilməz. Rəbbinin vəkil olması kifayət edər”. (İsra surəsi, 65)
Şeytan da Allah tərəfindən yaradılmış bir varlıq olduğuna görə hər şeydə olduğu kimi, onun da yaradılışında sonsuz hikmətlər var. Məsələn, şeytanla bərabər böyük insan kütləsinin cəhənnəmə atılması qiyamət günü möminlərin Allaha şükürlərini, cənnətə girdikdə sevinci artıracaq amildir. Şeytan eyni zamanda möminlər arasında gizlənən münafiqlərin ortalığa çıxmasına səbəb olur. Beləliklə, münafiqlər mömin cəmiyyəti içində gizlənə bilməyərək özlərini ifşa edirlər. Möminlər də içlərində gizlənməyə çalışan bu pislik qrupunu asanlıqla müəyyən edirlər. Şeytanın fəaliyyətini və münafiqlər üzərindəki təsirini görən möminlərin -Quranda keçən ayənin təcəllisini gördükləri üçün- imanları və Allaha yaxınlıqları artır:
“Şeytanın vəsvəsəsini qəlblərində mərəz və ürəkləri qatı sərt olanlar üçün bir sınaq vasitəsi etsin. Şübhəsiz ki, zalimlər haqdan uzaq ixtilafdadırlar. Və özlərinə elm verilən kəslər də bilsinlər ki, haqq sənin Rəbbindədir. Artıq ona inansınlar və ürəkləri ondan xatircəm olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər!” (Həcc surəsi, 53-54)
Bu, möminlərin təmizlənməsi mənasına gəlir. Zatən Allahın şeytana möhlət verməsinin bir səbəbi də budur. Allah bu durumu Quranda belə açıqlayır:
“İblisin onlar haqqındakı zənni düz çıxdı. İçlərindən bir dəstə mömin istisna olmaqla hamısı ona uydu. Əslində iblisin onların üzərində heç bir hökmranlığı yoxdur. Lakin Biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün (İblisə bu imkanı verdik). Sənin Rəbbin hifz edəndir!” (Səbə surəsi, 20-21)
Cahiliyyə cəmiyyəti tərəfindən bilinməyən başqa məqam isə şeytanın məcburetmə gücünün olmamasıdır. O, insanı yalnız dəvət edir. Əgər insanın qəlbində xəstəlik varsa, bu dəvəti qəbul edir, yoxdursa, şeytanın onun üzərində heç bir gücü yoxdur. Özünə uyanların nə qədər qəflət içində olduğunu bilir. Şeytanın qiyamət günü ona tabe olanlara edəcəyi etiraf ayədə belə xəbər verilir:
“İş bitdikdə şeytan belə deyəcək: “Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hakimiyyətim yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə sizin məni Allaha şərik qoşmağınızı da inkar etmişdim”. Həqiqətən zalimləri şiddətli əzab gözləyir”. (İbrahim surəsi, 22)