ŞEYTANIN FİRQƏSİ MÜNAFİQLƏR

"Münafiq" kəlməsi "nifaq salan", "fitnə-fəsad törədən" mənasını verir. Münafiqlər mömin olmadıqları halda, möminlərin güc və imkanlarından istifadə etmək məqsədilə özlərini mömin göstərməyə və mömin cəmiyyəti içində gizlənməyə çalışan kimsələrdir.
Qəlblərində xəstəlik olan bu insanlar istədiklərini əldə etmədikdə, ya da möminlərin başına bir çətinlik gəldikdə onlardan ayrılır, əsl üzlərini göstərirlər. Möminlərdən ayrıldıqdan sonra ya da ayrılarkən zərər verməyə, onlar arasındakı birliyi pozmağa çalışırlar. Məqsədlərinə çatmaq üçün kafirlərlə birləşməyi də əldən vermirlər.
Quranın bir çox ayələrində münafiqlərin xarakter və davranışı möminlərə açıqlanır, münafiqlərlə şeytanın arasındakı əlaqələr üzərində dayanılır. Bu səbəbdən şeytanın bir çox xüsusiyyətləri münafiqlər üzərində təcəlli edir. Bir ayədə münafiqlərin şeytanın firqəsi halına gəldiyi bildirilir:

“Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidir. Xəbəriniz olsun ki, şeytanın firqəsi məhz onlar, ziyana uğrayanlardır” (Mücadələ surəsi, 19).

Şeytanın bütün xüsusiyyətləri münafiqlərdə əks olunur. Münafiqlər şeytan kimi əsassız ifadələrdən istifadə edir, anormal davranırlar. Aralarındakı ən çox bilinən bənzərlik özünü üstün görmədir. Şeytan da hz. Adəmə səcdə etməyi özünü üstün görmə xəstəliyinə görə rədd edir. Şeytanın bu təkəbbürü “Sad” surəsində belə bildirilir:

“Buna görə də mələklərin hamısı birlikdə səcdə etdi. Yalnız iblisdən başqa! O, təkəbbür göstərdi və kafirlərdən oldu. Allah buyurdu: “Ey iblis! Sənə Mənim öz əlimlə yarat­dığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?” İblis dedi: “Mən ondan daha yaxşıyam. Çünki sən məni oddan, onu isə palçıqdan yaratmı­san!” (Sad surəsi, 73-76).

Özünü üstün tutma başqa ayələrdə də vurğulanır. Məsələn, şeytanın hz. Adəmə səcdə etməyi özünə yaraşdırmadığı “Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?” (İsra surəsi, 61) ifadəsində anlaşılır. Bir başqa ayədə bildirilən “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz” (Hicr surəsi, 33) ifadəsi şeytanın təkəbbürünü daha aydın şəkildə büruzə verir. Ancaq burada çox mühüm bir məqam var ki, şeytanın əsrarəngiz məntiqi bunun altında yatır. Ayələrdəki ifadələrə diqqət edilərsə, şeytan Allahın varlığına və onun Yaradanı olduğuna qarşı çıxmır. Allahdan qorxur, ancaq təkəbbüründən itaət də etmir.
Bütün bu biliklərinə baxmayaraq, özünü üstün tutması, adi fiziki fərq səbəbindən özünü insandan üstün görməsi, insana verilən məqama həsəd etməsi, ona səcdə etmək istəməməsi, beləliklə də Allahın əmrinə qarşı gəlməsi onu yaradılmışların ən pisi edir. Şeytan kimi münafiqlər də özlərini üstün, fərqli və seçkin görürlər. Məsələn, “Bəqərə” surəsinin 13-cü ayəsində bildirilən münafiqlər möminlər kimi iman etməyə çağırıldıqlarında səmimi möminləri ağılsız, səfeh adlandırıb onlarla bir səviyyədə olmağı rədd edirlər. Qurandakı ayə belədir:

“Onlara: “Başqaları iman gətirdikləri kimi siz də iman gətirin!” deyildiyi zaman: “Biz də səfeh ağılsızlar kimi iman gə­tirək?” deyə cavab verirlər. Agah olun ki, səfeh onların öz­ləridir. Lakin bilmirlər!” (Bəqərə surəsi, 13).

Münafiqlər iman gətirmədiyi üçün özlərinin üstün, möminlərin isə guya aşağı olduqlarını irəli sürərək və bu məntiqsiz iddiaya özlərini inandıraraq əslində möminlərin uyduqları yola tabe olmağı rədd edirlər. Möminləri aşağı səviyyəli adlandırmalarının əsas məqsədi insanların iman etdiyi kimi iman etməmək, yəni elçiyə təslim olmamaqdır.
Əslində isə dünyada da, axirətdə də üstünlük Allaha, onun Rəsuluna və möminlərə aiddir.
Quranda: “...Halbuki şan-şərəf də, qüvvət və qələbə də yal­nız Allaha, onun peyğəmbərinə və möminlərə məxsusdur. Lakin münafiqlər bunu bilmirlər!” (Bu həqiqət Munafiqun surəsi, 8) ayəsi ilə xəbər verilir).

Rəsula qarşı çıxmaq

Allahın elçisinə itaət Quranın ən əsas hökmlərindən biridir. Münafiqlərin ən azğın xüsusiyyətlərindən biri bu hökmü pozmaları, Allahın elçisinə üsyan etmələridir. Çünki peyğəmbərə üsyan Allaha üsyan deməkdir. (Allahı tənzih edirik)
İblis də hz. Adəmə səcdə etməyi, onun üstünlüyünü qəbul etməyi rədd edərək Allaha qarış çıxmışdır. Münafiqlər də, şeytan da Allahın itaət etmələrini istədiyi bir varlığa tabe olmağı rədd etdikləri üçün Allah tərəfindən cəzalandırılırlar.

Münafiqlər elçiyə itaət etmənin əslində Allaha itaət etmək olduğunu (Nisa surəsi, 80) qavraya bilmirlər. İçlərindəki həsəd onların bir başqa insana tabe olmalarına mane olur. Əslində elçiyə itaət Quranın əsas hökmlərindən biridir. Çünki elçi Allahın dinini, əmrlərini çatdırmaq üçün seçilən bir insandır. İnsanlar qeyd-şərtsiz ona tabe olmağa görə məsuliyyət daşıyırlar. Allah bu haqda hökm vermişdir:

“Biz hər bir peyğəmbəri ancaq ona Allahın izni ilə itaət olunsun deyə göndərdik” (Nisa surəsi, 64).

Hətta elçinin verdiyi hökmə qarşı içində sıxıntı olanların iman gətirmiş sayılmayacaqları sonrakı ayədə bildirilir:

“Amma xeyr! Sənin Allahına and olsun ki, onlar öz arala­rında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar” (Nisa surəsi, 65).

Şeytanla münafiqlərin arasında bənzərlik olduğu kimi səmimi möminlərlə mələklər arasında da bir bənzərlik var. Çünki mələklər hz. Adəmə səcdə əmrini alan kimi sorğu-sual etmədən, təkəbbür göstərmədən tam təslimiyyətlə səcdə etdilər.
Mələklərin itaəti Quranda belə bildirilir:

“Biz mələklərə: “Adəmə səcdə edin!” dedikdə iblisdən başqa hamısı səcdə etdi. O, lovğalanaraq səcdə etməkdən imtina etdi və kafirlərdən oldu” (Bəqərə surəsi, 34).

Bənzər şəkildə həqiqi möminlər Allahın elçisinə heç tərəddüd etmədən tam təslimiyyətlə itaət edirlər. Möminlərin bu barədə sözləri “Bəqərə” surəsində bu şəkildə bildirilir:

“Biz peyğəmbərlər arasında heç bir fərq qoymuruq. Eşitdik və itaət etdik” (Bəqərə surəsi, 285).

Əsrarəngiz və azğın üsyan

Şeytanın üsyanında olan əsrarəngizlik əvvəlki səhifələrdə bəhs edildi. Allahı bilib tanıdığı halda, üsyan etmək ağılsızlıqdır. Bu hal təkcə şeytana xas deyil. Şeytanın firqəsi olan münafiqlər onunla eyni məntiqdə olurlar. Şeytanın bilə-bilə üsyan etməsi, Allahın əmrinə qarşı çıxması, əfv diləməməsi, etdiyinin günah olduğunu bildiyi halda, günahında israr etməsi, Allah tərəfindən haqsızlığa məruz qaldığını düşünməsi, özünü haqlı görməsi, başqalarını da öz halına salmağa çalışması... Münafiqlər bütün bu azğınlıqlarda şeytanın addımlarını izləyirlər:

“Şeytanın insanı aldatmasına bənzəyir. O, insana “Kafir ol!” deyər. İnsan kafir olan kimi şeytan: “Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin rəbbi olan Allahdan qorxu­ram” dedi” (Həşr surəsi,16).

Münafiqlər şeytan kimi bilgi sahibidir. Şeytan Allahın gücünü, cənnəti, cəhənnəmi bilir. Münafiqlər də şeytan kimi Allahdan, onun varlığından, kitabından, hökmlərindən, hətta elçisindən xəbərdardır.
Quranı əzbər bilən münafiqlər belə olur. Münafiqlər də, şeytan da önəmli elmə sahib olduqları halda, Allahın əmrinə qarşı çıxdıqlarına görə yaradılmışların ən pisi sayılırlar. Sahib olduqları bilik onları cəzadan xilas etmir. Əksinə, bilə-bilə azdıqları üçün çəkəcəkləri əzab daha artıq olur.
Münafiqlərin başqa azğınlıqları isə Allahı və elçisini tanıdıqdan sonra onları yalançı saymalarıdır. “Əhzab” surəsində bildirilən münafiqlər düşmənlə üzləşdikdə bu cür azğınlıq edirlər. Unudulmamalıdır ki, normal halda onlar möminlər kimi davranır, görünüşdə möminlərlə bərabər elçiyə itaət edir, çətinliyə halı olmayana kimi qəlblərindəki xəstəliyi gizlədə bilirlər. Peyğəmbərimiz (səv) dövründəki bir müharibə zamanında içlərindəki pisliyi necə biruzə verdikləri bir ayədə belə bildirilmişdir:

“O zaman münafiqlər və qəlblərində mərəz olanlar: “Allah və onun peyğəmbəri bizə yalan vəd etmişdir” deyirdilər” (Əhzab surəsi, 12).

Şeytanın Allahın varlığını bildiyi halda, üsyan etməsindəki azğın məntiq münafiqlərin başqa hərəkətlərindən də görünür. Məsələn, Allahın elçisinə vəhy gəldiyinə şahid olub onun doğruluğunu bilən münafiqlər var. Hətta vəhyin doğruluğuna o qədər əmindirlər ki, qəlblərində olan xəstəliyin elçiyə yenə vəhy yolu ilə xəbər verilməsindən çəkinirlər:

“Münafiqlər ürəklərində olanı xəbər verəcək surənin nazil edilməsindən çəkinirlər. De ki: “Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır” (Tövbə surəsi, 64).

Münafiqlərin başqa ağıl xəstəliklərinə dair misal “Maidə” surəsində verilir. Hz. Musanın qövmündəki münafiqlər savaş əmri aldıqda hz. Musaya: “Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burda oturacağıq” (Maidə surəsi, 24), -deyərək ağlabatmaz bir azğınlıq edirlər. Bu insanlar Allahı və elçisini tanıdıqları halda, onun hökmünə qarşı çıxırlar. Eyni zamanda bir başqa qrup münafiqin də kafirlərlə cihada çağırıldıqlarında şiddətli qorxuya düşərək dirəndikləri bildirilir:

“Onlara cihad etmək vacib olduqda içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq insanlardan qorxuya düşərək: Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib et­din, nə olardı ki, bizi yaxın zamana qədər (öz əcəlimiz ça­tana qədər yubandıraydın)” dedilər” (Nisa surəsi, 77).

Ancaq burada diqqəti cəlb edən məqam savaşa getmək istəməyən münafiqlərin Allahın varlığını inkar etmədikləri, hətta bəzilərinin savaşa qarşı olmadıqlarıdır. Bu insanlar özlərini müsəlman olaraq görür, savaşın bir qədər sonra olmasını istəyirlər. Məsələn: “Bu istidə döyüşə çıxmayın” (Tövbə surəsi, 81), -deyərkən əlverişli şəraitdə savaşmağı istəyirmiş kimi görünürlər. Özlərinə görə yaxşı görünən bu istək əslində qəlblərində gizlətdikləri xəstəliyi ortaya qoyur. Allah “bu istidə savaşa çıxmayın” deyənlərin hökmünü: “Cəhənnəm atəşinin istiliyi daha şiddətlidir”, -deyərək xəbərdar edir. (Tövbə surəsi, 81)

Bu insanlar özlərinə tərəfdar toplaya bilirlər. Ancaq onlar özləri kimi qəlblərində xəstəlik olanları cəlb edə bilirlər. Allahın elçisinin əmrinə qarşı gələn bu qrup böyük bir fitnənin içinə düşür. Çünki hansı şərt olursa-olsun, elçinin əmri yerinə yetirilməlidir. Bu kimi insanlar savaşmaq və Allah yolunda şəhid olmaq kimi ixlaslı bir ibadəti yerinə yetirə bilməzlər.

Yenə Peyğəmbərimizin (səv) dövründəki başqa bir qrup münafiq də Allah yolunda döyüşə getməmək üçün evlərinin təhlükəsizlikdə olmadığını bəhanə gətirmişdi:

“Başqa bir dəstə isə “Evlərimiz açıq və kimsəsizdir (oğru girməsindən qorxuruq)” deyə geri qayıtmaq üçün peyğəm­bərdən izn istəmişdi. Həqiqətdə isə evləri açıq və kimsəsiz deyildi. Onlar ancaq döyüşdən qaçırdılar” (Əhzab surəsi, 13).

Allaha tam təslim olmuş bir insanın Allah yolunda cihad etməyə izn istəməyəcəyi açıqdır. Belə izni ancaq Allaha təslim olmamış, onun gücünü idrak etməmiş kimsələr istəyər. Peyğəmbərimizin (səv) dövründəki insanların savaş əmri gəldikdə göstərdiyi tənbəllik qəlblərindəki gizli şeytanlığın üzə çıxmasıdır.

Özlərini aldadırlar

Şeytanın firqəsi olan münafiqlərin ağlasığmaz hərəkətlərindən biri Allahı aldatdıqlarını zənn etmələridir. Quran münafiqlərin bu qəflətlərini belə bildirir:

“Onlar elə güman edirlər ki, ( qəlblərində olan) küfrü gizlətməklə Allahı və möminləri aldadırlar. Bilmirlər ki,əslində özlərini aldadırlar ” ( Bəqərə surəsi, 9).

Burada olduqca çaşdırıcı bir mənzərə ilə qarşılaşırıq. Bir insanın onu Yaradan Allahı aldatdığını zənn etməsi olduqca böyük ağılsızlıqdır. Çünki Allah: “Ürəklərdə olanı biləndir” (Fatir surəsi, 38) və “gizlinin gizlisini” də (Taha surəsi, 7) biləndir.
Münafiqlərin bu hərəkəti özünü aldatmadan başqa bir şey deyil və bunun heç bir açıqlaması yoxdur.
Münafiqlərin özlərini aldatdıqları başqa məqam onların Allahdan deyil, insanlardan qorxmasıdır. Münafiqlər içlərindəki xəstəliyin Allah tərəfindən bilindiyini bilirlər. Bu, onlarda bir qorxu yaratmır. Ancaq bu hallarının müsəlmanların bilməsindən qorxurlar. Quran bu halı belə bildirir:

“Münafiqlər qəlblərdə olanı xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər...” (Tövbə surəsi, 64).

Münafiqlər Allahdan qorxduqlarını ifadə edirlər. Ancaq hərəkətlərində Allahdan qorxan üslub yoxdur. Bu da münafiqlərlə şeytanın oxşar xüsusiyyətidir. Çünki şeytan da Allahdan qorxduğunu ifadə edir. Ancaq şeytan Allahdan qorxduğunu desə də insanlara üsyan təlqini vermək kimi böyük günah edir.
Bu şüursuz cəsarət münafiqləri Allaha qarşı yalan söyləmə qəflətinə sürükləyir. “Tövbə” surəsində sözügedən münafiqlərin vəziyyəti buna misaldır. Bu insanlar guya sədəqə vermək və Allah yolunda xərcləmək məqsədi ilə Allahdan mülk istəyirlər. Allah bu duanı qəbul edib mülk verdikdən sonra xəsislik edərək Allaha verdikləri sözü yerinə yetirmirlər:

“Münafiqlərin bəzisi də Allahla belə əhd etmişdi. Əgər Al­lah bizə öz nemətindən bəxş etsə, biz mütləq sədəqə verəcək və sözsüz ki, salehlərdən olacağıq. Allah öz nemətin­dən onlara ehsan buyurduqda xəsislik etdilər və itaətdən də üz döndərdilər. Onlar elə zatən dönükdürlər” (Tövbə surəsi, 75-76).

Bu kimsələr Allahı aldatdıqlarını zənn edirlər. Allah etdikləri bu hərəkətə görə münafiqlərin qəlbinə nifaqı məşhər gününə qədər həkk edərək ən böyük cəzanı verir. Mənfəət əldə etməyə çalışan bu insanlar sonsuz həyatlarını itirdiklərinin fərqində olmayıb özlərini aldadırlar. Bu insanların durumu Quranda belə bildirilir:

“Allaha verdikləri vədə xilaf çıxdıqlarına, yalan danışlıqlarına görə Allah da onların ürəyinə qovuşacaqları qiyamət gününə qədər davam edəcək (nifaq) saldı” (Tövbə surəsi, 77).

 

Ağılsızca təvil edərlər

Təvil əsas olaraq açıqlama, şərh mənasına gəlir. İkinci mənası isə insanın etdiyi bir səhvi nəfsani səbəblərdən qəbul etməməsi və bu səhvi özünə görə düzgün göstərən əsassız bəhanələr irəli sürməsidir. Bir az diqqətlə baxılsa, bu hərəkətin ilk sahibinin şeytan olduğu məlum olar. Bilindiyi kimi şeytan, "təkəbbürünə görə" Allahın hz. Adəmə (as) səcdə etmək əmrinə qarşı gəlir. Allah onu xəbərdar etdikdə də etdiyi bu hərəkəti öz zəif ağlına görə doğru göstərməyə çalışır, səhvini qətiyyən qəbul etmir. Olduqca bəsit məntiqlə odun palçıqdan üstün olduğunu irəli sürərək özünü haqlı göstərməyə çalışır.

Şeytanın bu xüsusiyyəti münafiqlərdə də görünür. Münafiqlər yalan sözlər danışıb xalqı çaşdırır və dinə yaraşmayacaq şəkildə davranırlar. Nəfslərini qorumaq, davranışlarını haqlı göstərmək üçün danışmağa başladıqları zaman sanki ağızlarından şeytanın sözləri tökülür. Özlərini qoruma və təmizə çıxarma fəaliyyətində açıq şəkildə görünən hərislik var. Bu hərisliklə hər cür günah edə bilər, yalan söyləyə, iftira ata bilərlər. Hadisə ilə əlaqəsi olmayan mənasız açıqlamaları arxa-arxaya düzürlər.

Təvil edən insanların üzlərindən və ifadə pozuqluğundan şüurlarının bağlı olduğu məlum olur. Lakin bu açıqlamaların nə əvvəli, nə də axırı heç bir məna kəsb etmir. Bu hallar səmimi möminə Allahın izni ilə açılır. Bir çox ayələrdə münafiqlərin bu səmimiyyətsiz açıqlamaları göstərilir. Məsələn, savaşdan qaçmaq üçün evlərinin qorunmadığını önə sürən münafiqlər (Əhzab surəsi, 13), havanın istiliyini bəhanə edən münafiqlər (Tövbə surəsi, 81), savaşın bir müddət sonraya saxlanmasını istəyən (Nisa surəsi, 77), “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq” (Tövbə surəsi, 42) deyən münafiqlər bunlardan bəziləridir. Ancaq hansı səbəbdən olursa-olsun, Allah yolunda mübarizədən bəhanə gətirərək geri qalanlar əslində qəlblərində iman olmayan insanlardır. Allah bunu ayələrində bildirir:

“Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izn istəməzlər. Allah müttəqiləri tanıyandır. Səndən izn istəyənlər ancaq Allaha və axirət gününə iman gətirməyənlər və ürəklərində şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar” (Tövbə surəsi, 44-45).

Təvil edən bir insan müxtəlif oyunlarla özünü haqlı göstərsə də ancaq müəyyən insanları aldada bilir.“Allah ürəklərdə olanı biləndir”. (Maidə surəsi, 7) Allahı isə əsla aldada bilməzlər. Allah bu barədə hökmü belə verir:

“Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr, elə deyil. Allah istədiyini təmizə çıxarar və onlara xurma çəyirdəyindəki nazik tel qədər zülm olunmaz” (Nisa surəsi, 49)

 

Haqsızlığa məruz qaldıqlarını düşünürlər

Şeytanın hz. Adəmə səcdə etməyi rədd etməsinin səbəbi haqqının tapdandığını düşünməsidir. Münafiqlər də şeytanla eyni iddiadadır. Yaradan, hidayət verən Allaha və hidayətinə vəsilə olan elçiyə qarşı bu cür davranmaq çox böyük nankorluqdur. Bu vəziyyət “Nur” surəsində belə bildirilir:

“Onların qəlblərində xəstəlikmi vardır? Yaxud Allahın və peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar! (Nur surəsi, 50).

 

Fiziki təxribata məruz qalarlar

Şeytan münafiqlər üzərində ciddi fiziki təxribat törədir. Çaşqın ruha sahib olduqlarından çox tez zəifləyir, həqiqi yaşlarından on-on beş yaş daha yaşlı görünürlər. Baxışlarındakı pozuqluq onlara ağıl xəstəsi görünüşü verir. Güclü həyəcan, qorxu, qəm-kədər üz və bədəndə qırışlar yaradır. Gözlər kiçilir, ağız quruyur, yanaq və dodaqlar titrəyir. Şeytanın verdiyi bu mənfi təsirlər vücudu zəiflədir. Yorğun, halsız vücud ortaya çıxır. Üzləri xəstə, sarı və ya bəyazdır. Bəzən kədərli, bəzən də özünə nəzarət edə bilməyən dəli kimi olurlar.
Üz ifadələri də fərqlidir. Bəzilərinin üzündə təbəssüm, bəzilərində də əsəbi ifadə olur. Bu fiziki təxribata mimika və ifadə pozuntuları da əlavə edildikdə bu insanlar asanlıqla tanınırlar. Quranda bu vəziyyətə belə işarə edilir:

“Əgər biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərə, sən də onları mütləq tanıyardın (amma bəlkə tövbə edib dində səmimi olsunlar deyə onları heç kəsə tanıtmadıq). Sən onsuz da onları danışıq tərzindən mütləq tanıyacaqsan. Allah sizin bütün əməllərinizi bilir” (Muhəmməd surəsi, 30).

Özlərini doğru yolda görürlər

Hər cür azğın fikir, şübhə və ziddiyyətli məntiqlə yanaşı münafiqlərin elə xüsusiyyətləri var ki, bu onların nə dərəcədə ağıldan məhrum olduqlarını bir daha nümayiş etdirir. Münafiqlər özlərini doğru yolda görür və hidayətə çatmış hesab edirlər.
Ayələrdə münafiqlərin niyə özlərini doğru yolda gördükləri bildirilir. Münafiqlər əslində şeytan tərəfindən əhatələnmiş və şeytanın dostları halına gəlmişlər.

Şeytana dost qədər yaxın olan insan isə əlbəttə, onun təlqinlərinin təsiri altında hərəkət edir. Bu təlqin münafiqləri doğru yolda olduqlarına inandıracaq qədər güclüdür. Allah bunu Quranda belə bildirir:

“Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, biz ona şeytanı ürcah edərik və o, şeytanın yaxın dostu olar. Şeytanlar onları doğru yoldan çıxarar, onlar isə özlərinin haqq yolda olduqlarını zənn edərlər” (Zuxruf surəsi, 36-37).

“Allah insanların bir qismini doğru yola yönəltdi ,onların bir qismi isə (haqq yoldan) azmağa layiq görüldü .Çünki onlar Allahı qoyub şeytanları özlərinə  havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər” -(Əraf surəsi, 30).

Bu ayələrdən də məlum olduğu kimi, heç bir münafiq etdiyinin bir xəta olduğunu qəbul etmir. Əksinə, Allah və din adına hərəkət etdiyini iddia edir, hətta Allahın adına and içir. İçində olduğu vəziyyətdən xəbəri olmur. Şüuru o qədər qapalıdır ki, qiyamət günü cəhənnəmə atılmaq üzrə dirildikdə Allaha belə and içərək özünün doğru yolda olduğunu sübut etməyə çalışır:

“Allah onların hamısını dirildəcəyi gün onlar sizə yalandan  and içdikləri kimi Allah da and içəcək və (bununla axirətdə) bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalançılardır” (Mücadilə surəsi, 18).


Münafiqlər şeytanın onları Allah adından istifadə edərək aldatdığının fərqində deyillər. Bu gerçəyi ancaq axirətdə anlayacaqlar. Məşhər günü möminlərlə münafiqlər arasında olan danışıq Quranda belə göstərilir:

“O gün mömin kişilərin və qadınların nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını görəcəksən. “Bu gün sizin müjdəniz altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız! Bu ən böyük qurtuluş və uğurdur! O gün münafiq kişi və qadınlar iman gətirənlərə “Gözləyin ki, nurunuzdan bir qədər işıq alaq!” deyəcəklər. Belə cavab veriləcəkdir: “Geriyə dönüb işıq axtarın”. Bu sözlərdən sonra möminlərlə münafiqlərin arasında qapısının içəri tərəfindən mərhəmət, bayır tərəfində əzab olan sədd çəkiləcəkdir”. Münafiqlər möminləri səsləyib deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?!” Möminlər belə cavab verəcəklər: “Bəli, bizimlə birlikdə idiniz. Lakin siz özünüzü fitnəyə salıb məhvə düçar etdiniz, gözlədiniz və şəkk etdiniz. Allahın əmri gəlib çatanadək sizi xam xəyallar, tamah aldatdı. Sizi Allah barəsində o tovladan tovladı!” (Hədid surəsi, 12-13)