İNSANIN ƏN BÖYÜK DÜŞMƏNİ ŞEYTAN

Hər kim olursunuzsa olun, sizin sonsuz əzab çəkməyinizi istəyən və bütün varlığını buna həsr edən çox təhlükəli bir düşməniniz var. Bu, şeytandır. Başqa sözlə desək, Allah tərəfindən lənətlənmiş və Onun hüzurundan qovulmuş İblis və onun ardıcılları.

O, sizin ən böyük düşməninizdir. O, hər hansı bir əfsanə, yaxud da nağıl deyil, həqiqətin özüdür. O, bəşər tarixinin hər dövründə mövcud olmuşdur. Şeytan yaşamış və ölmüş milyardlarla insanı alovun içinə çəkib və indi də çəkməkdədir. Şeytan heç vaxt insanlar arasında fərq qoymur. Gənc, yaşlı, qadın, kişi, dövlət başçısı və ya dilənçi olsun, fərq etməz, hər bir insan bu düşmənin hədəfindədir.

Bu yazını oxuyarkən də şeytan sizi güdür və planlar qurur. Onun bircə arzusu var: özü ilə bərabər siz də daxil olmaqla gücü çatdığı qədər çox insanı cəhənnəmə aparmaq.

Şeytanın qalib gəlməsi üçün insanların ona sitayiş və ya azğınlıqlar etməsinə ehtiyac yoxdur. İnsanların mütləq Allahı inkar etməsini də istəmir. Onun özü Allahı inkar etmir ki, insanlardan da bunu xüsusi olaraq tələb etsin. Onun tək bir arzusu var düşmənlərini Allahın dinindən və Qurandan uzaqlaşdırmaq, onların Allaha səmimi və ixlasla ibadət etməsinə mane olmaq, bunun da nəticəsində insanların sonsuz əzab çəkməsinə nail olmaqdır. O, bəzən dindarlıq maskası altında Allahın adından istifadə edərək insanları həqiqi dindən uzaqlaşdırır, azdırır. Bu isə insanları özü ilə bərabər cəhənnəm çuxuruna çəkmək üçün yetərlidir. Hansı vasitə ilə olursa olsun, onun ardıcıllarının sonu dəyişmir:

"Onun haqqında əzəldən belə yazılmışdır.Hər kəs onunla dostluq etsə, onu yoldan çıxarıb cəhənnəm əzabına sürükləyər” (Həcc surəsi , 4).

İblisin Allaha üsyanı

Qurana görə, şeytan ilk insan hz. Adəmdən bu yana insanları Allahın yolundan azdırmaq üçün yorulmadan çalışan və qiyamətə qədər də çalışacaq varlıqların ümumi adıdır. Bütün şeytanların atası və ən böyüyü isə hz. Adəmin yaradılması ilə birlikdə Allaha üsyan edən İblisdir.

Qurandan öyrəndiyimizə görə, Allah hz. Adəmi yaratmış və mələklərin ona səcdə etməsini əmr etmişdir. Mələklər Allahın əmrini yerinə yetirmiş, ancaq cinlərdən olan İblis hz. Adəmə səcdə etməmişdir. Özünün insandan daha üstün yaradıldığını söyləmişdir. Bu itaətsizliyi və təkəbbürü səbəbindən Allahın dərgahından qovulmuşdur.

Şeytan Allahın hüzurundan ayrılmazdan öncə insanları da özü kimi azdırmaq üçün Allahdan möhlət istəmiş, Allah da ona qiyamət gününə qədər möhlət vermişdir. Beləcə, İblisin insana qarşı düşmənçilik fəaliyyəti başlamışdır.

Allah İblisi və ona tabe olanları cəhənnəmdə toplayacağına hökm vermişdir. Allah Quranda bu hadisəni belə xəbər verir:

“Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə “Adəmə səcdə edin!” dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı”.
Allah iblisə: “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu” deyə buyurdu. İblis: “Mən ondan daha üstünəm, çünki sən məni oddan, onu isə palçıqdan yaratdın!” dedi.
Allah buyurdu: “Oradan aşağı en. Orada sənə təkəbbür göstərmək yaramaz. Oradan çıx, çünki sən alçağın birisən!”
İblis dedi: “Mənə qiyamətə qədər möhlət ver!” Allah  buyurdu: “Sən möhlət verilənlərdənsən!”
İblis dedi: “Sən məni azdırıb yoldan çıxardığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam!  Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və sən onların əksəriyyətini şükr edən görməyəcəksən!”
Allah buyurdu: “ Oradan rüsvay olmuş və qovulmuş halda çıx.Onlardan hər kim sənə uysa, cəzasını alacaq. Əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam!” (Əraf surəsi, 11-18).

İblis beləcə Allahın dərgahından qovulduqdan sonra qiyamətə qədər davam edəcək mübarizəsinə başlamışdır. İnsanları aldadaraq azdırmaq üçün onlara hücum etmişdir. İlk böyük tələsi cənnətdə yaşayan hz. Adəmi və zövcəsini aldadaraq onları Allahın əmrinə üsyan etməyə sövq etməsi idi. Bəşər tarixinin lap əvvəllərində baş vermiş bu hadisə Quranda belə bildirilir:

“Ey Adəm! Sən zövcənlə birlikdə cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zülm edənlərdən olarsınız! Şeytan Adəmin və Həvvanın örtülü ayıb yerlərini özlərinə göstərmək məqsədi ilə pıçıldayıb dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya əbədi qalmamağınız üçün qadağan etmişdir”. Həm də onlara: “Mən sizin xeyirxah məsləhətçilərinizdənəm” deyə and içdi. Beləliklə, şeytan onları batil sözlərlə aldatdı. Adəm və Həvva ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar cənnət yarpaqlarından dərib ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağaca (yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin aşkar düşməninizdir deməmişdimmi?”
Adəm və Həvva: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” dedilər.
Allah buyurdu: “Bir-birinizə düşmən olaraq yer üzünə enin. Yerdə sizin üçün bir müddət sığınacaq və dolanacaq vardır”.
Allah buyurdu: “Orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız” (Əraf surəsi,19-25). 

Beləliklə, bəşəriyyətin dünyadakı həyatının başlanğıcı hz. Adəmin yuxarıdakı ayələrdə izah olunan səhvi idi. Hz.Adəm Allaha tövbə etdi və Allah onu bağışladı. Ancaq İblisin insanlara qarşı apardığı mübarizə bitmədi. Quranın “Maidə” surəsində də bildirildiyi kimi, şeytan hz. Adəmin iki oğlundan birini aldatdı və onu qardaşını öldürməyə sövq etdi. (Maidə surəsi, 27)

O tarixdən sonra da İblis insan nəslindən çox insanı aldadıb öz tərəfinə çəkdi. O biri tərəfdən digər cinlərdən də çoxlu yoldaşı oldu. İblisin yolunu gedən bu cinlər eynilə onun kimi insanları azdırmaq üçün onların qəlbinə girib “qəlblərinə gizlicə vəsvəsə verməyə” (Nas surəsi, 4) başladılar. İblisin yoldaşı olan bu cinlər və insanlar da onun sahib olduğu “şeytan” sifətini qazandılar. (Şeytan “uzaq olmaq” kökündən gələn kəlmədir və Allahın rəhmətindən qovulub uzaqlaşdırılmış hər azğın və üsyankar bəndənin ismidir)

Dolayısilə, insanın üz-üzə gəldiyi ən böyük təhlükə olan şeytan, İblis tərəfindən idarə edilən bir qrup cin və insandır. Bu cin və insanlar İblisin yolu ilə gedirlər. Özləri azdıqları kimi digər insanları da azdırmağa çalışırlar. “Cinni” (cinlərdən olan) şeytanlar insanlar tərəfindən görülmədikləri üçün onlara hiss edilmədən yanaşır, zehinlərinə azdırıcı düşüncələr doldurur. “İnsi” (insanlardan olan) şeytanlar isə digər insanların qəlbinə açıq-aşkar soxulur, onları Allahın yolundan çıxarmaq üçün öz fikirlərini onlara aşılayır. Bu tipdən olan şeytanlar insanın yaxın dostu ola biləcəyi kimi cəmiyyətdə qəbul edilən “mütəfəkkir” də ola bilər. Quranda bu təhlükəyə qarşı möminlərə bu dua öyrədilir:

“De ki: “Pənah aparıram insanların Rəbbinə:
İnsanların ixtiyar sahibinə:
İnsanların Tanrısına:
Vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən:
O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır.
Cinlərdən də olur, insanlardan da” (Nas surəsi, 1-6).

Şeytan insana müxtəlif yollarla yaxınlaşa bilən bir düşmən olduğuna görə ondan qorunmaq üçün böyük diqqət göstərmək lazım gəlir. Bunun ən birinci şərti şeytanı tanımaqdır. Şeytanı tanımaq üçün ona baxdıqda olduqca qəribə və əsrarəngiz bir məntiqə sahib olduğunu görürük. Əvvəlcə İblis tərəfindən istifadə olunan, sonra da onun bütün ardıcılları tərəfindən davam etdirilən bu məntiqin əsasında təkəbbür və özünü bəyənmək hissi dayanır.

Şeytanın əsrarəngiz məntiqi

Quranın şeytanla bağlı hekayətində İblisin Allaha üsyanının səbəbi belə bildirilir:

“Allah iblisə: “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” deyə buyurdu. İblis: “Mən ondan daha üstünəm, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” dedi”. (Əraf surəsi, 12)

İblis özünün daha üstün varlıq oluğunu iddia edərək insana səcdə etməyi rədd edir. Ancaq üsyanının səbəbi zahirlə bağlıdır və yanlış fikrə əsaslanır. Özünün oddan, insanın palçıqdan yaradıldığını bildirir və odun palçıqdan daha üstün maddə olduğunu önə çəkir. Yəni İblisin lovğalanmasının səbəbi iki maddə arasındakı fiziki fərqlə bağlıdır. Ancaq yaradılış istər palçıqdan, istərsə oddan olsun, İblisi də, insanı da Allah yaradıb. Yaradılmış varlığın Yaradanın əmrinə yaradıldığı maddəni irəli sürərək üsyan etməsi həm çox böyük ağılsızlıq, həm də böyük nankorluqdur.

Ancaq İblisin insana qarşı olan qısqanclığı və içindəki təkəbbür hissi onun bunu başa düşməsinə mane oldu. İblis fiziki fərqə qapılaraq Yaradanın əmrinə üsyan etdi. Özünü üstün və fərqli gördüyü üçün İblisin şüurunun korluğu başqa ifadələrdən də aydın olur:

“Şeytan dedi: “Sənin quru və qoxumuş palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz” (Hicr surəsi, 33).

İblis özünün Allah tərəfindən yaradıldığını inkar etmir. Üsyanının səbəbi inkar deyil. Əksinə, onu Yaradanın Allah olduğunu birmənalı şəkildə söyləyir. Ancaq “mən ondan daha üstünəm, məni oddan yaratdın, onu isə palçıqdan yaratdın” deyərək üsyan edir. Bu ağlabatmaz üsyanın heç bir məntiqi əsası yoxdur.
İblisin məntiqsizliyinin digər bir təzahürü isə belədir:

“Yenə yadına sal ki, bir zaman mələklərə: “Adəmə səcdə edin!” deyə əmr etmişdik. İblisdən başqa hamı səcdə etmişdi. “Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?” demişdi” (İsra surəsi, 61).

Buradakı son ifadə İblisin nə qədər böyük qəflət və yanlışlıq içində olduğunu çox açıq şəkildə göstərir. Başqa bir kimsənin ucaldılması, özünün isə arxa planda qalması, hətta o kimsəyə səcdə edilməsinin istənilməsi onun dəhşətli qısqanclığına səbəb oldu. Bu ruh halı içində isə onda Allaha qarşı hörmətsizlik və üsyan yarandı.

“Allah buyurdu: “Ey iblis! Sənin mənim öz əlimlə yaratdığıma səcdə etməyinə nə mane oldu? Təkəbbür göstərdin yoxsa özünü yuxarı tutdun?”
İblis dedi: “Mən ondan daha yaxşıyam. Çünki sən məni oddan, onu isə palçıqdan yaratmısan!” (Sad surəsi, 75-76).

İblisin hz. Adəmə səcdə etməyi rədd etməsindəki şeytani düşüncə Allahın elçisini qəbul etməyən, ona itaət etməyi rədd edən insanlarda da, yəni insi şeytanlarda da görünür. Bu insanlar zahirən özləri kimi olan bir insanı Allahın elçisi olaraq qəbul etməyi rədd edirlər. Allahın elçisi olaraq qəbul edəcəkləri insanda çox böyük üstünlük görmək istədiklərini söyləyirlər. Bu üstünlüyün ancaq siyasi və ya maddi bir gücə əsaslanmalı olduğunu iddia edirlər. Hz.Muhəmməd (səv) dövründəki inkarçıların söylədikləri ifadələr buna bir nümunədir:

“Onlar dedilər: “Məgər bu Quran iki şəhərdən birinin böyük bir adamına nazil edilməli deyildimi?” (Zuxruf surəsi, 31).

Ya da inkar edənlər elçiyə iman gətirmək üçün fövqəltəbii bir güc və ya başqa bir aydın dəlil istəyirlər. Quranın bir çox ayələrində bu insanların istəklərinə aid misallar verilmişdir:

“Belə dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca və yaxud (ağacları) arasından şırıl-şırıl çaylar axan xurma və üzüm bağın olmayınca; yaxud iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə; yaxud Allahı və mələkləri açıq-aşkar qarşımıza gətirməyincə; və ya qızıldan bir evin olmayınca; yaxud sən göyə qalxmayınca biz sənə iman gətirməyəcəyik. Əgər oxumaq üçün bizə səmadan bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacayıq”. De ki: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız peyğəmbər olan bir insanam!” (İsra surəsi, 90-93).

Elçilərə qarşı çıxan və onlara qarşı vuruşan insanların qəbul etmədiyi məsələlərdən biri budur. İnkar edənlər özləri kimi adi bir insana elçilik verilməsini və bu insana itaət etməyi qürurlarına sığışdıra bilmir. Bu həsəd və təkəbbür dolu üsyan İblisin hz. Adəmə səcdə etməyi rədd etməsi ilə eyni təmələ əsaslanır. Ayənin davamında insanların çoxunun ancaq bu səbəbdən hidayətə gələ bilməməsindən bəhs edilir:

“İnsanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız onların: “Allah bir insanımı peyğəmbər göndərdi?” demələridir (İsra surəsi, 94).

İblisin üsyanına əsrarəngizlik hakimdir. İblis elm sahibi olan bir varlıqdır. Allahın varlığına şəxsən şahiddir. Ətrafında mələklər var, insanın yaradılışından xəbərdardır. Allahın izzətini, gücünü və sonsuz cəhənnəm əzabını da bilir.

İblisin və onun ardıcılı olan bütün şeytanların əsrarəngiz məntiqi burada gizlidir: Allahın varlığını və birliyini bildiyi halda onun hökmünə qarşı çıxmaq və kafirlərdən olmaq... Bu çox möcüzəvi hadisədir. Çünki bu biliklərə və elmə sahib olan İblisin çox güclü imanı olmalıdır. Şüur səviyyəsi də eyni şəkildə yüksək, Allaha qarşı çox hörmətli və itaətli olmalıdır. İblis isə ən şüursuz insanın belə cəsarət etmədiyi hərəkəti etmişdir.

İblisin varlığındakı sirlər bununla bitmir. İnsanlara inkar etmək kimi bir günahı aşılamağa çalışdığı halda, əslində Allahdan qorxduğunu söyləyir. Bu isə olduqca yanlış məntiqə işarədir:

“Şeytanın aldatmasına bənzəyir. O, insana: “Kafir ol!” deyər. İnsan kafir olan kimi şeytan (onu qoyub qaçaraq): “Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” deyər (Həşr surəsi, 16).

Başqa bir ayədə şeytanın kafirləri möminlərin əleyhinə qızışdırıb qaldırdıqdan sonra onlardan aralandığı və Allahdan qorxduğunu etiraf etdiyi bildirilir:

“O zaman şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar arasında sizə qalib gələ biləcək kimsə yoxdur. Mən də sizin pənahınız, dadınıza çatanam!” Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Allah şiddətli əzab verəndir!” demişdi. (Ənfal surəsi, 48).

İblisin üsyanına əsrarəngizlik hakimdir. İblis elm sahibi olan bir varlıqdır. Allahın varlığına şəxsən şahiddir. Ətrafında mələklər var, insanın yaradılışından xəbərdardır. Allahın izzətini, gücünü və sonsuz cəhənnəm əzabını da bilir.
İblisin və onun ardıcılı olan bütün şeytanların əsrarəngiz məntiqi burada gizlidir: Allahın varlığını və birliyini bildiyi halda onun hökmünə qarşı çıxmaq və kafirlərdən olmaq... Bu çox möcüzəvi hadisədir. Çünki bu biliklərə və elmə sahib olan İblisin çox güclü imanı olmalıdır. Şüur səviyyəsi də eyni şəkildə yüksək, Allaha qarşı çox hörmətli və itaətli olmalıdır. İblis isə ən şüursuz insanın belə cəsarət etmədiyi hərəkəti etmişdir.
İblisin varlığındakı sirlər bununla bitmir. İnsanlara inkar etmək kimi bir günahı aşılamağa çalışdığı halda, əslində Allahdan qorxduğunu söyləyir. Bu isə olduqca yanlış məntiqə işarədir:

“(İblis) dedi: “Ey Rəbbim! İnsanların qəbirlərindən qalxıb diriləcəkləri günə qədər mənə möhlət ver!” (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!” (Hicr surəsi, 36-37).

Bir başqa ayədə şeytanın aldığı icazədən belə bəhs edilir:

(İblis) həmçinin: “Pərvərdigara! Bir de görək, nə üçün onu məndən üstün tutdun? Əgər qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla onun nəslini öz hökmüm altına alaram”. (Allah) buyurdu: “Çıx get (sənə qiyamətə qədər möhlət verdim). Onlardan hər kəs sənə uysa, (bil ki) cəzanız cəhənnəmdir. Özü də tamamkamal bir cəza!” (İsra surəsi,62-63).

Ayələrdən də aydın olduğu kimi, şeytan Allahın iradə və təqdirinə uyğun fəaliyyət göstərir. Fəaliyyəti insana zərər vermək üçündür. Şeytan onsuz da Allahın aləmlərin Rəbbi olduğunu bilir.
Hətta İblis insanları azdırarkən Allahın böyüklüyünün adına and içir:

(İblis) dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam” (Sad surəsi, 82).

Allah şeytanı hüzurundan qovmamışdan əvvəl ona bunları bildirir:

“Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, zinaya sövq etməklə mallarına və övladlarına) ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver”. Şeytan ona uyanlara yalnız yalan vədlər verər! (İsra surəsi, 64).

Şeytanın Allahın izni çərçivəsində etdiyi hiylələri sonrakı səhifələrdə təfərrüatları ilə açıqlayacağıq. Ancaq unudulmamalıdır ki, şeytanın Allahın ona verdiyi imkan xaricində hər hansı bir gücü yoxdur. Şeytanın vəzifəsi cəhənnəm üçün yaradılmış insanların aid olduqları yerə getmələrinə vasitəçi olmaqdır. Şeytana uyanlar Allahın cənnətinə layiq olmayan və əxlaq baxımından heyvandan daha aşağıda dayanan varlıqlardır. Allah bunu ayələrində belə açıqlayır:

“Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq, onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla Allahın möcüzələrini görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır (Əraf surəsi, 179).

Bununla yanaşı Allahın Ona qarşı səmimi bəndələri üzərində şeytanın heç bir təsiri yoxdur. Allah ona sığınan və ona şərik qoşmayan səmimi bəndələrini şeytanın azdırıcı hiylələrindən qorumuşdur. 

“Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzrində şeytanın heç bir hökmü yoxdur” (Nəhl surəsi, 99).

Nəticə olaraq deyək ki, şeytan da bütün digər varlıqlar kimi Allah tərəfindən vəzifələndirilmiş varlıqdır. Onun vəzifəsi Allahın cənnət üçün yaratdığı möminlərlə cəhənnəm üçün yaratdığı digər insanların bir-birindən seçilib fərqləndirilməsinə vəsilə olmaqdır. Bu isə bir növ təmizlik mənasına gəlir. Qəlbində xəstəlik və pislik olanlar şeytan vasitəsilə möminlərdən uzaqlaşır, ayrılırlar. Ayədə şeytanın hökmünün yalnız bu kimsələr üzərində olacağı bildirilir:

“Şeytanın vəsvəsəsini qəlblərində mərəz (nifaq, şəkk mərəzi) və ürəkləri qanlı, sərt olanlar üçün bir sınaq vasitəsi etsin. Şübhəsiz ki, zalimlər haqqdan uzaq bir ixtilaf içindədir” (Həcc surəsi, 53).

Şeytanın möminlərə verməyə çalışdığı sıxıntılar möminlərin dünyada Allaha yaxınlaşmasına, Allaha daha çox sarılmasına və hidayətlərinin artmasına səbəb olur:

“Və özlərinə elm verilən kəslər də bilsinlər ki, haqq sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan xatircəm olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər!” (Həcc surəsi, 54).


*  Mələklərin və cinlərin insandan əvvəl yaradıldıqları haqqında qissədə bildirilmişdir. Burada, əsasən, səhv anlaşılan iki önəmli fərq var. Birincisi, insanların əcdadı hz. Adəmin bir anda yaradıldığı, mələklərin və İblisin bu yaradılışa şahid olduqlarıdır. Bu önəmli məsələdir, çünki yaradılışa qarşı olaraq ortaya atılmış təkamül nəzəriyyəsinə təkan verən bəzi dairələr hz. Adəmin də təkamül nəticəsində meydana çıxdığını irəli sürmək qəflətinə düşürlər.
İkincisi, İblisin insanların düşündükləri kimi mələk olmaması, onun mələklərlə eyni məqamda olan cin olması məsələsidir. İblisin cin olması “Kəhf” surəsinin 50-ci ayəsində bildirilir.

Bəzi insanlar cinlərin də, əslində, mələk olduqlarını iddia edir. Halbuki Qurana görə, mələklərlə cinlər arasında kəskin fərq var. Bu fərq mələklərin öz dillərindən “Səba” surəsinin 40-41-ci ayələrində ifadə edilib. Quranda cinlərin atasının (cann) tüstüsüz atəşdən yaradıldığı bildirilir. (Rəhman surəsi, 15) Dolayısilə, ayələrdə atəşdən yaradıldığı bildirilən İblisin mələk deyil, cin olması aydın məsələdir.