ŞEYTANIN XÜSUSİYYƏTLƏRİ
Şeytan hər insanın həyatı boyu min dəfələrlə qarşılaşacağı ən böyük düşmənidir. Ona görə düşməndir ki, insana görə Allah dərgahındakı məqamını itirmişdir. Yer üzündəki fəaliyyətinin əsas səbəbi də insanları azdırmaq üçün Allahdan aldığı möhlətdir. Qiyamətə qədər ona verilən möhlət davam etdikcə şeytan hələ çox insanı cəhənnəm atəşinə sürükləyəcək, bunu bacarmaq üçün hər cür hiyləyə əl atacaq. Bu məqsədlə şeytan insanları hər an təqib edir. (Əraf surəsi, 27) İnsana zərər vermək üçün planlar və oyunlar hazırlayır. Əksər insanlar şeytanın nə qədər böyük təhlükə olduğuna əhəmiyyət vermir. Bu insanların məntiqinə görə, şeytan xəyali varlıqdır. Onların fikrinə görə, yalnız böyük cinayətlər edən vəhşi və cani insanlar şeytana tabe olur, özlərini və özləri kimi insanları təmiz qəlbli görürlər. Ancaq arabir etdikləri kiçik xətalarla bağlı “şeytana uydum” deyirlər. Ancaq bu qəflət insanın həyatı boyunca etdiyi ən böyük xətalardan biridir. Çünki şeytan iman gətirən kiçik qrupdan başqa insanların çoxunu öz nəzarəti altına alıb. Bu insanlar əhəmiyyət vermədən ən böyük düşmənləri olan şeytanın istədiyi şəkildə həyat yaşayır və onun ardınca cəhənnəmə gedirlər. İnsanların əsas işi şeytanı çox yaxşı tanımaq və onu özünə düşmən bilməkdir. Allah bunu insanlara “Fatir” surəsində əmr edib:
“Həqiqətən şeytan sizin düşməninizdir, onu özünüzə düşmən tutun. O, özünə uyanları cəhənnəm əhli olmağa çağırır”. (Fatir surəsi, 6)
Şeytana lazım olan qiyməti vermək, onu düşmən olaraq qavramaq insanı qurtuluşa aparan addımlardandır. Bunun üçün əvvəlcə şeytanın xüsusiyyətlərini, sonra işlətdiyi hiylələri bilmək lazımdır. Bir çox Quran ayələrində ayrı-ayrılıqda bildirilən bu xüsusiyyətlər aşağıda müxtəlif başlıqlar altında izah edilir.
Hiyləgər və yalançıdır
Şeytan insanları doğru yoldan uzaqlaşdırmaq üçün əvvəlcə həqiqətlərin üstünü örtür. Bunun üçün ən əlverişli yol isə hiyləgərcəsinə yalan söyləyərək insanları aldatmaqdır. Yalan yolu ilə saxta və boş vədlər verərək insanları öz tərəfinə çəkməyə çalışır. Daha yaxşı sosial vəziyyət, daha çox pul, daha rahat həyat, hətta axirətdə daha üstün məqam vəd edir. Ancaq yalan söylədiyini və boş vədlər verdiyini axirətdə özü etiraf edəcək:
“İş bitdikdə şeytan belə deyəcək: “Allah sizə cəhənnəmə düşəcəyiniz barədə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım”. (İbrahim surəsi, 22)
Bu etiraf ancaq dünya həyatı qurtardıqdan sonra, şeytan və dostları qiyamət günü həşr edildikləri vaxt ortaya çıxacaq. Əlbəttə, bu gerçəyi öyrənmək şeytanın dostlarına heç bir fayda verməyəcək. Onların hamısı tarix boyu şeytana tabe olan digər insanlarla bərabər cəhənnəmə gedəcək.
İtaətdən çıxmış , sayğısız və nankordur
Şeytan onu yoxdan var edən və daşıdığı bütün xüsusiyyətləri ona verən Allaha qarşı böyük nankorluq edir. (İsra surəsi, 27) Bu nankorluq və düşüncəsizlik xüsusiyyəti ilə Yaradanına asi olmuş və itaətdən çıxmışdır.
Azğın və fırıldaqçıdır
Şeytanın diqqət çəkilən bir başqa xüsusiyyəti də həm azğın, həm də fırıldaqçı (Həcc surəsi, 3) olmasıdır.
Qurduğu tor inananlar üçün çox zəifdir
Şeytanın iman gətirənlərə qarşı tələ və hiylə ilə qurduğu torlar xaricdən baxıldıqda güclü görünsə də əslində bir aldatmadır. Çünki şeytanın hiyləsi zəifdir və məhv olmağa məhkumdur:
“İman gətirənlər Allah yolunda, kafir olanlar isə şeytan yolunda vuruşurlar. O halda şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir!” (Nisa surəsi, 76)
Gücü yalnız dəvət etməyə çatar
Şeytanın insanı nəyəsə məcbur etmək gücü yoxdur. O, ancaq insanları öz yanlış yoluna dəvət edir. Bu dəvətə uyan insan öz iradəsi ilə hərəkət edir. Yəni insan vicdansız bir iş etdikdə bunun məsuliyyətini şeytanın üzərinə ata bilməz. Əsl qınanmalı olan isə insanın şeytana uyan nəfsidir. Şeytan bu həqiqəti axirətdə onu günahlandıran kafirlərə belə bildirəcək:
“Əslində, mənim sizin üzərinizdə heç bir hakimiyyətim yox idi. Lakin mən sizi (günah işləməyə, Allaha asi olmağa çağırdım), siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə sizin məni Allaha şərik qoşmanızı da inkar etmişdim”. Həqiqətən zalimləri şiddətli əzab gözləyir”. (İbrahim surəsi, 22)
İnsanların düşmənidir
Şeytanın insanın əsl düşməni olduğu bir çox ayədə bildirilmişdir. (Ənam surəsi, 142; Kəhf surəsi, 50; Yasin surəsi, 60) Çünki şeytanın insana vermək istədiyi zərər yer üzündə heç kimsənin verməyəcəyi qədər böyükdür. Şeytan insanın cəhənnəmdə əbədi yanmasını istəyir. Buna görə də insanın ən böyük düşmənidir. Bu ayələrdə bildirilir:
“Ey insanlar! Yer üzündəki şeylərin təmiz və halal olanlarını yeyin. Şeytanın izi ilə getməyin. Həqiqətən şeytan sizinlə açıq-açığına düşməndir. (Bəqərə surəsi, 168)
“Çünki şeytan insanın açıq düşmənidir”. (Yusif surəsi, 5)
Yaxşılıqdan və xeyirdən tamam uzaqdır
Varlığını insana zərər vermək, onu sıxıntıya salmağa həsr etmiş şeytan insanlar üçün heç bir xeyir və yaxşılıq istəmir. Şeytanın bu xüsusiyyəti ayələrdə də “hər cür xeyirlə əlaqəsi kəsilmiş” (Nisa surəsi,117) olaraq bildirilir.
İnsanlara qarşı bir pislikdir
Şeytanın insan üzərindəki təsiri Quranda pislik olaraq tanınır:
“Sizi pisliklərdən təmizləmək, şeytanın vəsvəsəsini sizdən çıxarmaq, ürəklərinizi doldurmaq və ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı”. (Ənfal surəsi, 11)
Allahın dərgahından qovulmuşdur
Şeytan itaətsizliyi və nankorluğu səbəbindən Allahın dərgahından alçaldılaraq və lənətlənərək qovulmuşdur. “Şeytan” kəlməsi qovulmuş mənasına gəlir. Şeytanın bu xüsusiyyəti “Təkvir” surəsinin 25-ci və “Hicr” surəsinin 17-ci ayələrində bildirilir.