ŞEYTANIN FƏRQİNƏ VARMAYAN CƏMİYYƏT : CAHİLİYYƏ CƏMİYYƏTİ
Cahiliyyə cəmiyyəti şeytanın gücünün və təsirinin fərqində deyil. Bu insanlara görə, şeytan gündəlik həyatda heç bir təsiri olmayan pislik simvoludur, ancaq böyük günahlara sövq edir. Canilər və qatillər şeytanın təsiri altında olan “cəhənnəmliklərdir”. Onlara görə, digər insanlar, məsələn, hər hansı bir evdar qadın və ya şagird şeytandan uzaqdır. Ağlını itirib öz uşaqlarının başını kəsən qadın şeytana uymuşdur, ancaq minbir əziyyətlə uşaqlarını oxudan ananın şeytanla əlaqəsi yoxdur. İbadət etməsələr də bu insanların “qəlbi təmizdir”. Başqasının varında, pulunda gözləri olmayan, başqalarına pislikləri, zərərləri toxunmayan insanlardır. Cinayət etmədikləri və haram yemədikləri üçün sonda cənnətə gedəcəklər. Yenə eyni məntiqə görə, şeytanın ordusu qaniçən, insanları qətlə yetirən, ancaq qorxu filmlərində rast gəlinən azğın ruhlu kimsələrdir. “Cəhənnəmlik” olan bu kimsələr ruhlarını tamamilə şeytana satmışlar, yer üzünün həqiqi pislikləridir. Onsuz da cəhənnəm yalnız bu pis insanlar üçün yaradılmışdır. Cahil insanların beyinlərinə həkk olan bu aldadıcı məntiq şeytanın işini asanlaşdırır. Çünki heç kimə zərər vurmadıqları üçün özlərini cənnətlik hesab edən bu kimsələr şeytanın asanlıqla hökm etdiyi və onun nəzarətində olan kütləni təşkil edir. Onlar öləcəkləri və cəhənnəmə gedəcəkləri günə qədər şeytanın təlqini altında özlərini aldadırlar. Qurandan bildiyimizə görə, bu insanlar həqiqəti ancaq axirət günü görür və buna özləri də məəttəl qalırlar:
“Onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik” deməkdən başqa heç bir çarələri qalmayacaq”. (Ənam surəsi, 23)
Şeytanın əsas məqsədi insanları Allahın istədiyi şəkildə yaşamaqdan uzaqlaşdırmaq, Quranın əmrlərindən boyun qaçırmaq, Allahın qoyduğu hədləri pozmaqdır. İnsanın şeytana uyması üçün təkcə qətllər törətməsi, qan içməsi gərək deyil. Allahın əmr etdiyi ibadətləri etməyən, amma özünü “təmiz qəlbli” görən və ya insanlara xidmət etdiyini, dolayısilə ibadət etmiş olduğunu düşünən kimsə də şeytanın istədiyinə qovuşub. Qurana görə, şeytanın istədiyi kimi yaşayan bu insanlar böyük kütləni təşkil edirlər.Sayları çox az olan bir qrup iman əhli şeytanın təsirindən uzaqdır:
“İblisin onlar haqqındakı zənni düz çıxdı. İçlərindən bir dəstə mömin istisna olmaqla hamısı ona uydu”. (Səba surəsi, 20)
Əgər insan bir az diqqət edərsə, öz ətrafının şeytanın bu səssiz ordusu ilə əhatəli olduğunu görər. Bu səssiz, amma itaətkar əsgərlər çox fərqli xarakterlərlə ortaya çıxır. Bunlardan biri insanın anası, atası, arvadı, əri, dostu, hətta özü ola bilir. Bunu öyrənmək üçün yeganə yol insanı da, şeytanı da yaradan Allahın endirdiyi Qurana baş vurmaqdır. “Məncə”, “mənə görə”, “qənaətimcə” kimi sözlərlə başlayan fəlsəfi fikirlərin heç bir önəmi yoxdur. Yeganə rəhbər Qurandır. Bir insan Quranın göstərdiyi, yəni Allahın istədiyi kimi yaşamırsa, o zaman şeytanın istədiyi kimi yaşayır. Bu həqiqətin fərqində olmasa da, bunu qəbul etməsə də nəticə dəyişmir. Allahın əmr etdiyi kimi yaşamayan kimsə şeytanla bərabər cəhənnəm atəşinin içinə atılır. Məşhər günü cəhənnəmə atılanlar Quranda belə anladılır:
“Onlar və azğınlar cəhənnəmə atılarlar! İblisin bütün əsgərləri də ora sürüklənib salınarlar”. (Şüəra surəsi, 94-95)
Şeytanın onlara mənimsətdiyi həyat tərzini heç soruşmadan qəbul edərək 60-70 illik ömürlərini heçə sərf edirlər. Bu həyat tərzinin detalları insanların sosial vəziyyətinə görə fərqli görünsə də ana xətt eynidir: axirəti, Allahı düşünmədən heç ölməyəcək kimi dünya həyatı üçün çalışmaq. İnsanların çoxu uzun illər akademik təhsil alır, daha yaxşı həyat, daha yüksək mövqe üçün hər gün çalışır, sonra sanki bütün bunlar heç yaşanmamış kimi bir gün ölürlər. Qısa müddətdən sonra unudulurlar, yerlərini başqaları doldurur. Ölümdən sonra nə qazanılan pulların, nə sosial vəziyyətin, nə də geri qalan ailənin dəyəri qalmır. Verilən həyatın müddəti bitmişdir. Amma insanlar qarşılaşacaqları tək həqiqət olan ölümü düşünmədən, buna heç hazırlaşmadan “dini” günlərdə özünə təsəlli üçün edilən bəzi ibadətlərdən başqa ömürlərini asanlıqla sərf edirlər. Bu kimsələr şeytana xidmət edir və şeytan onların bədəni ilə öz ideologiyasını yayır. Bu insanların dilləri, gözləri, dəriləri şeytana xidmət edir. Şeytan bir deyil, milyardlarla gözdən baxır və milyardlarla qulaqdan eşidir. Qurana xas məntiq və ağıl aradan qalxıb yerini şeytanın fikirləri tutur. Şeytan dilə, irqə, milliyyətə fərq qoymadan bütün insanları öz ideologiyasının təbliğatçısına çevirir.
“Öz qardaşlarını azğınlıqla sürükləyər, sonra da ondan əl çəkməzlər”. (Əraf surəsi, 202)
Şeytan insanın beyninə daxil olub onun bədənindəki hər nöqtəyə hökm edir. Rəhmani düşüncənin girişinə mane olur. Artıq şeytan davamlı olaraq bu təlqinini edir. Şeytanın ruhlarını ələ keçirib bədənlərinə hakim olduğu bu insanlar Allahın yolundan insanları uzaqlaşdırmaq üçün şeytanla eyni metoddan istifadə edirlər. Eynilə şeytan kimi rəhmani vəhyin ağıllara təsirini yox etmək, insanın vicdanlı davranmasını təmin edən hər şeyi onlara unutdurmaq kimi min cür tələ qurur və şeytanın dinini yayırlar. Möminlər Quranın bir çox ayələrində şeytanın dostlarına qarşı xəbərdar edilirlər. Şeytanın istədiyi dini yaşayan bu insanların sosial vəziyyəti eyni olmaya bilər. Ancaq bunların ortaq xüsusiyyətləri var, yəni onlar Qurandakı gerçək yoldan uzaqdırlar. Fərqli xüsusiyyətlər sərgiləyən, lakin bütün varlığı ilə şeytanın nəzarətində olan cahil insanları aşağıdakı başlıqlar altında incələyək.
Peyğəmbərlərin düşmənləri
Hidayət və haqq dinlə gələn hər elçinin insanlardan və cinlərdən bir qrup şeytan düşməni olacağı Quranda bildirilir. Cin şeytanlar insanların qəlbinə vəsvəsə verirlər. Bu şeytanlardan insan olanları peyğəmbərə və onunla birlikdə olan möminlərə qarşı düşmənliklərini bəlli edirlər. Peyğəmbərə qarşı vuruşarkən öz bənzərləri ilə birləşərək ortaq fəaliyyətdə olurlar. Bu fəaliyyətdə bir-birini qızışdırır, cəlbedici və aldadıcı cümlələrlə möminlərə qarşı cəsarətləndirməyə çalışırlar. Quran bu işbirliyini belə ifadə edir:
“Beləcə, biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar biri digərini aldatmaq məqsədi ilə bir-birinə təmtəraqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanla birlikdə boşla getsinlər. Axirətə inanmayanların ürəyi ona meyl etsin, onlar həmin sözlərdən xoşlansınlar və gördükləri işləri bir daha görsünlər deyə təlqin edərlər”. (Ənam surəsi, 112-113)
Ayədə də bildirildiyi kimi, Allah istəsəydi, bu şeytanlar peyğəmbərə düşmənlik etməz, möminlərə əziyyət verməz və onlara qarşı vuruşmazdılar. Ancaq Allahın izni ilə Allahın dostlarının imtahan edilməsi, axirətdə dəyərlərinin yüksəldilməsi üçün bu varlıqlar öz işlərini yerinə yetirirlər. Bu sayədə möminlər mətinləşir, qəlbləri təmizlənir, səbrləri artır. Axirətə inanmayanlar isə şeytanın vəsiləsi ilə Cəhənnəmə girmək üçün günahlarla yüklənirlər. Allahın izni xaricində hərəkət etməyən şeytan möminlərlə kafirləri bir-birindən ayırmaq üçün Allah tərəfindən təyin edilmişdir.
Şeytanın qızışdırdığı inkarçılar
İnkar edənlərin azğınlıqlarının, möminlərə qarşı düşmənçiliklərinin arxasında dayanan ən vacib ünsür şeytanın qızışdırmasıdır. Quranda belə deyilir:
“Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?” (Məryəm surəsi, 83)
“...Həqiqətən şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, sizdə müşrik olarsınız”. (Ənam surəsi, 121)
Şeytan müşrikləri və kafirləri bəzən atalarının dini, bəzən irqçilik, bəzən də maddi mənfəətlərə görə möminlərə qarşı qaldırır. Yüz illər boyu haqq dinin qarşısına çıxan hər inkarçının ortaq xüsusiyyəti onların şeytan tərəfindən qızışdırılmasıdır. Bu hücumlar sözlə olduğu kimi, öldürmə məqsədi ilə əməli olaraq da baş verə bilir. Bir ayə inkarçıların Allahın elçisinə qarşı hərəkətlərini belə bildirmişdir:
“Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da çıxarıb qovmaq üçün sənə qarşı hiylə qururdular”. (Ənfal surəsi, 30)
Şeytanın kafirlərə təlqini o qədər güclüdür ki, bu insanlar lazım olduqda ölümü göz önünə alaraq elçi və möminlər əleyhinə fəaliyyətlərini davam etdirirlər. Bunun əyani nümunəsi möminlərə qarşı olan müharibələrdən bəhs edən ayələrdən görünür. Şeytan savaş əsnasında kafirləri möminlər əleyhinə qızışdırır və möminlərə qarşı savaşmağı onlara cəlbedici göstərir. Hətta kafirləri onlara qalib gələ biləcək ordunun olmadığına inandıraraq onları təhrik edir. İki ordu yaxınlaşdıqda şeytan ona inananları üzü üstə qoyur:
“O zaman şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin pənahınız, dadınıza çatanam. Lakin dəstə-dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Allah ona asi olanlara şiddətli əzab verəndir!” demişdi”. (Ənfal surəsi, 48)
Çünki şeytan əslində insanlardan heç birinin yaxşılığını istəmir. Buna görə də istər mömin olsun, istərsə də kafir şeytan hər kəsin cəhənnəmə girməsini istəyir. Onun özünü dost kimi göstərməsi isə insanları bir-birinə düşmən etmək, fitnə və pozğunçuluq salmaq üçün istifadə etdiyi fənddir. Məqsədinə çatandan sonra özünə dost tutduqlarını üzü üstə buraxır.
Şeytan tərəfindən qızışdırılmış başqa inkarçılar da irqçilərdir. Dünyanın harasında olursa-olsun, irqçi insan və ya cəmiyyət heç bir əsas olmadan özünü başqa insanlardan üstün tutur. Bu insanlarda bir qəzəb var. Çox zaman şeytanın təsiri ilə nəyə görə olduğunu bilmədən həyatlarını ortaya qoyurlar. Quranda inkarçıların bu hərəkətinə xüsusi diqqət çəkilib.
“Kafirlər öz ürəklərində cahiliyyə təkəbbürünə və təəssübünə qapıldıqları zaman Allah Peyğəmbərinə və möminlərə öz dərgahından xatircəmlik, qəlb rahatlığı, mənəvi möhkəmlik göndərmiş və onlara təqva kəlməsini xas etmişdi. Onların bu sözə daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir!” (Fəth surəsi, 26)
Onların özlərini üstün tutaraq başqa insanlara nifrət bəsləməsi şeytanın yuxarıda dediyimiz xüsusiyyətini bizə xatırladır. Özünü hz. Adəmdən üstün gördüyü üçün nifrət edən şeytanın düşüncəsi inkarçılarınkı ilə eynidir. İrqçi cəmiyyətlərin özlərini üstün tutmasında öz fiziki quruluşlarını, keçmişlərini, atalarını üstün görmələri əsas yer tutur. Nəslinin üstün olduğunu irəli sürən insanların vəziyyətinə diqqət etsək, odun palçıqdan üstün olduğunu deyən şeytanın vəziyyəti ilə paralel bir məntiq görərik.
Şeytanın öz azğınlıqlarını gözəl göstərdiyi insanlar
Kafir və müşriklər haqq dini tərk edib batil dinə, əslində şeytanın bəzəyib cəlbedici göstərdiyi cəhənnəm yoluna tabe olurlar.
Şeytanın cəlbediciliyi o qədər təsirlidir ki, buna inananlar doğru yolda olduqlarını zənn edərək yollarını azırlar. Şeytanın cəlbedici göstərdiyi bir dinin hz. Süleyman dövründəki insanları necə təsir altına alması Quranda belə bildirilir:
“Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərin gördüm. Şeytan əməllərini onlara gözəl göstərmiş, onları doğru yoldan sapdırmışdır. Buna görədə haqq yolu tapa bilmirlər”. (Nəml surəsi, 24)
Ayədə günəşə sitayiş edən cəmiyyətə şeytanın bu azğınlığı gözəl göstərdiyi bildirilir. Bu gün insanlar günəşə sitayiş etməsələr də müxtəlif azğın ideologiyalara kor-koranə bağlanıb onun ardınca gedirlər. İslamı tərk edib başqa ideologiya ardınca gedənlərlə günəşə tapınanlar arasındakı bənzərlik şeytanın onlara bunu daha cəlbedici göstərməsidir.
Allah haqqında bilmədən mübahisə edənlər
Cahiliyyə toplumun öndə gələnlərinin istifadə etdiyi bir qayda var. Onlar özlərini təmizə çıxarmaq və içində olduqları azğın vəziyyəti doğru göstərmək, həm də özlərinə tərəfdar toplamaq məqsədilə din haqqında əsassız mülahizə və açıqlamalarla çıxış edərlər.
Əsas xüsusiyyətləri özlərini xalqdan üstün görmələridir. Özlərini o qədər bəyənirlər ki, Allah tərəfindən cəzalanacaqlarını qəbul etməzlər. Allahın dinindən həm qaçar, həm də başqalarını uzaqlaşdırarlar (“Ənam”, 6/26).
Dindar insanları cahil və kiçik görürlər. Öz düşüncələrinə görə dini yorumlar edərlər. Bunlardan bəzilərini sadalayaq.
• Allah heç kimə zərəri olmayan, üstəlik insanlara həmişə yararlı olan kimsəyə niyə əzab versin? (Bu düşüncənin sahibi özünü təmizə çıxarandır).
• İslam sevgi dinidir, insanları sevdiyin, onlar üçün müəyyən işlər gördüyün müddətdə Allahı da sevmiş, ibadət etmiş olursan.
• Çalışmaq, insanlara faydalı olmaq ən böyük ibadətlərdir.
• Mən Allahı və onun yaratdıqlarını sevirəm. Onun da məni sevdiyini bilirəm. Ona görə namaz qılmağa, oruc tutmağa ehtiyac yoxdur. Heç kimə zərərim yox ikən Allahın məni cəhənnəmə atacağına inanmıram.
Bu cür fikirlərlə öz beyinlərində uydurduqları saxta dinin təbliğatını aparırlar. İnsanları ibadət üçün xəlq etmiş, hər şeyin tək sahibi olan Allaha qarşı nankorluq edib özləri bilmədən üsyan etmiş olurlar. Bir Quran ayəsində bu tip insanlar haqqında belə deyilir:
“İnsanlar içində eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri və nurani bir kitabı olmadan Allah barəsində mübahisə edir. O, boynunu Allah yolundan çıxarmaq məqsədi ilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq!” (Həcc surəsi, 8-9)
İstər sənətçi, istər iş adamı, istər siyasətçi, istərsə də sadə insan olsun, bunlar özləri kimi azğın və fitnəkar olan şeytanın yolu ilə gedirlər. Özlərinin Quranla və dinlə heç bir əlaqəsi olmayan fikir və sistemlərini düzgün göstərmək üçün dini alət edən və tarixin hər dövründə ortaya çıxan bu insanların hamısı şeytanın yolunu davam etdirir. Quranda bu insanlar barədə belə deyilir:
“Allah haqqında heç bir şey bilmədən, elmsiz-dəlilsiz mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır. Onun haqqında əzəldən belə yazılmışdır: hərkəs onunla dostluq etsə, onu yoldan çıxarıb cəhənnəmin əzabına sürükləyər”. (Həcc surəsi, 3-4)
Qurana şeytan müdaxiləsi olduğunu düşünənlər
Sayları çox az olsa da bəzi azğın kimsələr fitnə törətmək və savadsız insanları İslamdan uzaqlaşdırmaq məqsədi ilə Quran ayələrinə cinlərin və şeytanın sözlərinin qarışdığını iddia edirlər. Bu azğınların ən məşhuru tanınmış “Şeytan ayələri” kitabını yazan Salman Rüştüdür. Eyni azğın anlayış Peyğəmbər (səv) dövründə cahiliyyə cəmiyyətində də var idi. Müşriklər Peyğəmbəri (səv) hətta kahin, məcnun adlandırıblar (Tur surəsi, 29). Çünki kahinlərin cinlərdən və şeytandan xəbər alan, onların təsiri altında olan kimsələr olmasına inanılırdı (məcnun - “cinlənmiş” deməkdir). Yenə eyni məntiqlə hz. Muhammədi (səv) məcnunluqda, yəni cinlənmiş olmaqda ittiham edənlər də olmuşdur. Bütün azğın kafirlərə ən gözəl cavabı Quran verir:
“Quran da məlun (Allahın rəhmətindən qovulmuş) şeytanın sözü deyildir” (Təkvir, 25).
“Quranı əsla şeytanlar endirmədi. Bu, onlara layiq deyildir. Onlar bunu heç bacara da bilməzlər” (Şüəra,210-211).
Ayənin ardında şeytanlara Allahın vəhyini dinləməyin yasaqlandığı və qarşısının alındığı bildirilir:
“Axı onlara (vəhy eşitmək) qadağan edilmişdir” (Şüəra,212).
“Göylərin sərhədləri də şeytanlardan mühafizə edilmişdir. Bu sərhədlərə yaxınlaşıbxəlvəti qulaq asmaq istəsələr,onu odlu axan bir ulduz üstünə düşüb yandırar” (Hicr,17-18).
Bəlli olduğu kimi, şeytan bir cindir və cinlərin Tanrı vəhyi dinləməməsi üçün sərt tədbirlər görülmüşdür. Bu maneə “Cinn” surəsində cinlərin ağzından belə bildirilir:
“Biz cinlər göyə qalxmaq istədik, amma onun mələklərdən ibarət güclü gözətçilər vəyandırıb-yaxan bir ulduzlarla dolu olduğunu gördük. Biz göyün bəzi yerlərindəotururduq. Lakin indi kim qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər” (Cinn,8-9).
Şeytan həqiqəti yalan sayanların üzərinə enər
Quranda şeytanın üzərinə endiyi və öz təsiri altına aldığı kimsələrin xüsusilə yalançı və günaha meyilli olmasından bəhs edilir. Əhəmiyyət versələr də, verməsələr də bu insanlar şeytana qulaq verir, onun təlimatları üzrə hərəkət edirlər. Quranda bu haqda belə bildirilir:
“Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir günahkara, yalançıya nazil olurlar. Şeytanlar mələklərdən oğrun-oğrun eşitdiklərini onlara təlqin edərlər. Onların əksəriyyəti yalançıdır!” (Şüəra,221-223).
Bu ayələrin ardından Quranın endiyi dönəmdəki şairlərdən bəhs edilməsi diqqətçəkicidir:
“Şairlərə (müşrik və kafir şairlərə) gəlincə onlara yalnız azğınlar uyar. Məgər görmürsən ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? Və onlar etmədikləri şeyləri deyirlər” (Şüəra, 224-226).
Məkkə dönəmində şairlər cəmiyyəti insanlara təsiretmə gücünə malik idi. Yazdıqları şerlər insanlar arasında tez yayıldığından bir növ informasiya vasitəsi sayılırdı. Ancaq bu şairlərdən çoxu İslam əleyhinə şerlər yazır, insanları haqq dindən uzaqlaşdırırdı. Ayədən aydın olduğu kimi, onların xalqı aldatmaq üçün istifadə etdikləri üsullardan biri də boş vədlər vermək idi. Vəd vermənin şeytanın hiyləsi olduğunu nəzərə alsaq (Nisa surəsi, 120; İbrahim surəsi, 22), bu insanlarla şeytan arasında əlaqənin olması bir daha ortaya çıxar. Aradan yüz illər keçsə də texnikanın inkişafından başqa o vaxtla indiki dövr arasında heç bir dəyişiklik yoxdur. Şairlərin yerini dinə qarşı olan mərkəz və qurumlar alıb. Boş vədlərlə xalqı aldatma, həqiqəti başqa formada göstərmə bu dairələrin işlətdikləri vasitələrdir. Yalan xəbərlərlə Allah yolundan insanları uzaqlaşdırmaq üçün hər cür günahın təbliğatı dünya tarixinin heç bir dövründə belə güclü olmamışdır. Müsəlmanları qaralama, onlara iftira atma, İslamı zəiflətməyə çalışma şeytanın nəzarəti altında davam edir.
Ataların dini
İnsanlar İslam dinini Qurandan öyrənir. Buna görə şeytan da bəzi insanları Qurandan uzaqlaşdıraraq atalardan gələn cəhalət və xurafatla dolu batil dinə yönəldir. Şeytanın bu tələsinə düşən bu kimsələr Allahın vəhyinə deyil, yüz illər boyu bir-birinə ötürülərək gəlmiş xurafatlara uyur. Şeytan bunların şüurlarını o qədər örtmüşdür ki, Allahın endirdiyi haqq dinə dəvət edildiklərində fikirlərini israrla davam etdirirlər:
“Onlara: “Allahın nazil etdiyi Qurana tabe olun” deyildikdə onlar: “Xeyr, bizatalarımızın getdiyi yola tabe olacağıq”, -deyə cavab verərlər. Bəs şeytan onları cəhənnəm odunun əzabına çağırırsa, necə?” (Loğman,21).
Məsələn, indiki dövrün cahil insanlarının adət və xurafatlarla dolu dinində qadın ikinci dərəcəli varlıq sayılır. Bu insanlar kişinin üstünlüyünü əsas götürüb qadına dəyər vermirlər. Quranda isə cinsi üstünlüyə əsaslanan ayə yoxdur. Quranda ən üstün sayılan insanların təqvaca ən irəlidə olanlar olduğu bildirilmişdir. Atalarının dininə uyan insanlar inadcıl olurlar. Heç bir açıqlama vermədən, aydınlaşdırmadan ata-babalarından gələn adət üzrə yaşamağı davam etdirirlər. Çünki Quranda bildirildiyi kimi, bu insanarın “anlaya bilmək” kimi bir qabiliyyətləri yoxdur. Ayələrdə bu şəkildə bildirilir:
“Bütpərəstlərə: “Allahın göndərdiyinə tabe olun” deyildiyi zaman onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik”, -deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə, necə? Kafirlər səda və nidadan başqa bir şey anlamayanlara bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər” (Bəqərə,170-171).